Qax rayonunda “Heydər Əliyev İli” çərçivəsində təhsil işçiləri arasında şahmat turniri keçirilib.
Turnir ATİAHİ Qax rayon komitəsi və rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə baş tutub.
Açılış mərasimində çıxış edən sektorun müdiri Babək Heydərov, komitənin sədri Təranə Həşimova və başqaları Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, həyata keçirdiyi təhsil islahatlarından, idman sahəsinə qayğısından, bu sahənin inkişafına dəstəyindən danışıblar. Bildirilib ki, Ulu Öndər Heydər Əliyev özünün zəngin siyasi fəaliyyəti ilə Azərbaycan dövlətinin tarixində müstəsna rol oynamış tarixi şəxsiyyətdir. Məhz buna görə xalqımız Heydər Əliyevin adını tariximizə dövlətimizin xilaskarı, memarı və qurucusu kimi həkk etmişdir. Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin uzaqgörən və zəngin siyasi fəaliyyəti sayəsində mümkün olmuşdur. Bu gün Azərbaycanın dinamik sosial-iqtisadi inkişafı, ölkəmizin dünya birliyində öz yerini daha da möhkəmləndirməsi məhz Heydər Əliyev ideyalarının yaşamasının, Ümummilli Liderin siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir.
Çıxışlardan sonra yarış start götürüb. Maraqlı və gərgin keçən yarışın qalibləri fəxri fərmanla təltif olunub və onlara pul mükafatı verilib.